Vüqar Oruc: “Millət Məclisi” termini fəaliyyətin mahiyyətini daha dəqiq ifadə edir

12:27 05.03.2026
Yazını böyüt
Yazını kiçilt

"“Milli Məclis” və “Millət Məclisi” ifadələrini müqayisə etsək, “Millət Məclisi” termini fəaliyyətin mahiyyətini daha dəqiq ifadə edir".

Bunu Hafta.az-a açıqlamasında Azərbaycan Qiymtləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. Qeyd edib ki, Məclisin fəaliyyətinin qanuni və qeyri-qanuni olmasından söhbət gedə bilməz, hər iki termin hüquqi baxımdan eyni statusa malikdir.

V.Oruc adla bağlı məsələnin tarixi əsaslarına diqqət çəkib:

“1991-1992-ci illərdə Azərbaycan Respublikasının qanunverici orqanı Ali Sovet idi. Həmin dövrdə rəsmi tarixə görə Azərbaycan Respublikasının Ali Soveti fəaliyyət göstərirdi və sonra bu struktur tədricən Milli Məclis formasına keçdi. Bu tarixi kontekst nəzərə alınaraq, adın seçimi həm hüquqi, həm də funksional mahiyyətə uyğun olmalıdır. Azərbaycanın sovet dövründə ali nümayəndəli orqanı olan Azərbaycan SSR Ali Soveti ilə müqayisədə, müstəqillik mərhələsində formalaşan Azərbaycan Respublikasının Milli Məclisi ad olaraq da mahiyyət etibarilə fərqlənirdi. “Milli Məclis” ifadəsi məhz millətin iradəsini təmsil edən, xalqın sözünün və qərarının ifadə olunduğu ali qanunverici orqan anlamını daşıyırdı. Bu gün isə əsas müzakirə predmeti ad məsələsindən daha çox yeni dövrün tələblərinə uyğun parlament modelinin formalaşdırılmasıdır”.

V.Oruc hesab edir ki, Milli Məclisin və deputatların səlahiyyətlərinə yenidən baxılmalı, onların nəzarət və təşəbbüs imkanları genişləndirilməlidir. Onun sözlərinə görə, necə ki, bələdiyyələrin səlahiyyətlərinin gücləndirilməsi məsələsi gündəmdədir, eyni şəkildə seçkili ali orqan olan Milli Məclisin də strukturu və funksional imkanları təkmilləşdirilməlidir.

Ekspert qeyd edib ki, cəmiyyətin idarəetmədə daha geniş iştirakını təmin etmək baxımından deputat korpusunun sayının artırılması da müzakirəyə açıq məsələdir:

“Məlumdur ki, 2000-ci illərin əvvəllərində əhalinin sayı təxminən 7 milyon olduğu halda 125 deputat fəaliyyət göstərirdi. Hazırda isə ölkə əhalisi 10 milyonu ötüb. Bu baxımdan parlamentdə təmsilçilik kvotasının artırılması – məsələn, deputat sayının 200-ə çatdırılması – daha geniş ictimai iştirakçılıq baxımından məqsədəuyğun hesab oluna bilər. Seçki sisteminə gəldikdə isə həm majoritar, həm də proporsional modelin paralel tətbiqi daha balanslı təmsilçilik yarada bilər. Azərbaycanda siyasi partiya sisteminin hələ tam institusional formalaşmadığı müşahidə olunur. Çoxsaylı, lakin zəif təşkilatlanmış partiyaların mövcudluğu bunu göstərir. Seçki prosesində partiyaların aktiv iştirakı, real səs toplayan siyasi qüvvələrin parlamentdə təmsil olunması siyasi sistemin təbii seleksiya mexanizmini formalaşdıra bilər. Bu kontekstdə 2021-ci ildə bir neçə siyasi partiyanın birləşməsi də siyasi sistemin konsolidasiyası istiqamətində atılmış addımlardan biri kimi qiymətləndirilə bilər”.

V.Oruc hesab edir ki, əsas məsələ parlamentin adından daha çox, onun funksional effektivliyinin artırılması, siyasi sistemin sağlamlaşdırılması və idarəetmədə ictimai iştirakçılığın genişləndirilməsidir:

"Ad məsələsi əlbəttə ki, simvolik və siyasi baxımdan əhəmiyyətlidir, lakin prioritet yeni dövrə uyğun, güclü və təsirli qanunverici institutun formalaşdırılması olmalıdır".

Tahirə Qafarlı